TAXTA EVLƏRİN TİBBİ, EKOLOJİ VƏ İQTİSADİ ÜSTÜNLÜKLƏRİ...

Yüksək texnologiyalar dönəmi olan XXI əsrdə, fantastik parametrlərə və dizayna malik super-göydələnlərin tikildiyi bir dövrdə memarlar, inşaatçılar və ustalar tərəfindən ev tikintisində ən müxtəlif tikinti materiallarından istifadə edilir.

Taxta ən qədim və əvəzsiz tikinti materiallarından biridir. Bu baxımdan etibarlı və fərqli bir material kimi öz əzəli yerini qoruyub saxlayır. Taxta ev həm klassikaya çevirilmiş daş və kərpic evlərdən, həm də blok və beton binalarla müqayisədə xeyli üstünlüklərə malikdir. Proqressiv texnologiyalar dövründə yaşayan çağdaş insanların öz əcdadları kimi məhz ekoloji təmiz və sağlam ortam təmin edən evlərə üstünlük verməsi danılmaz faktdır. Bu gün çoxlarının ev tikərkən tikinti materilı kimi məhz taxta olan mənzillərə daha çox üstünlük verməsinin səbəbi nədir?

Son illər ağac tikililər Azərbaycanın istirahət-turizm zonalarında daha geniş yayılmağa başlayıb. Bunun səbəbi təkcə tikililərin görkəmində, xarici görünüşündə deyil. Tikinti texnologiyaları nə qədər inkişaf etsə də, yeni inşaat materialları ixtira edilsə də, mütəxəssislər etiraf edir ki, hələlik faydalılığına görə ağacdan üstün olan variant tapılmayıb.

Əvvəla, belə evlər sağlamlıq üçün faydalıdır. Taxta insanlarla birlikdə nəfəs alır və onun revmatizm, astma, böyrək xəstəlikləri, qan dövranının pozulması xəstəliklərinə çox böyük müalicəvi təsiri var. Taxtanın ənənəvi ətri və görünüşü ilə yaratdığı isti mühit isə insanın əhval-ruhiyyəsini bərpa etmək üçün əvəzsizdir. Mütəxəssislər bildirirlər ki, taxta binalarda yaşayanlar fiziolji və psixoloji cəhətdən də özlərini daha sağlam hiss edirlər.

Taxta evlərin ən böyük üstünlüklərindən biri zəlzələyə davamlılığı və təhlükəsizliyidir. Zəlzələ vaxtı ölümün başlıca səbəbi betonun ağırlığıdır, taxta evlərdə isə belə təhlükə yoxdur. Üstəlik, zəlzələdən sonra zədələnmiş beton evlərin uçma ehtimalı olduğu halda, taxta evi qısa müddətdə təmir etmək mümkündür. Bunun nəticəsidir ki, zəlzələlər zamanı ən az tələfat taxta evlərdə yaşayanlarda olur. Uzunömürlülük də taxta evlərin başlıca xüsusiyyətlərindən hesab edilə bilər. Hazırda da respublikanın bir çox bölgələrində orta əsrlərə aid taxtadan inşa edilmiş tarixi abidələrə rast gəlinir, qorunub-saxlanılır.

Taxta evlərin müalicəvi xüsusiyyətləri ilə yanaşı, biznes üstünlükləri də var. Əvvəla, daş və betondan qat-qat yüngül olduğuna görə, taxta evi və ya kotteci istənilən yerdə, o cümlədən yerin yumşaq olduğu dənizkənarı və dağlıq ərazilərdə quraşdırmaq mümkündür. Belə evlər daş və betondan fərqli olaraq torpağı çökdürmür. Bundan başqa, ən böyük üstünlük ondadır ki, daş və beton obyektlərdən fərqli olaraq, lazım gəldikdə taxta tikililərin yerini dəyişmək mümkün olur. Belə tikililər sökülüb asanlıqla başqa yerdə qurulur. Belə bir özəllik turizm obyekltləri üçün daha əlverişli olur ki, istənilən vax obyekin dizaynını asanlıqla dəyişməyə və gözlənilməz vəziyyətdən çıxmağa imkan verir. Elə bunun nəticəsidir ki, turizm obyektlərində belə evlərdən istifadə sürətlə artır.

Taxta evlərin istehsal və montaj müddəti tikilinin sahəsindən asılıdır. Böyük evlərin tikintisi 50-70 gün tələb edir. Kotteclərdə bu iş daha tez başa çatır. Ev hazır olduqdan sonra onu istənilən rəngdə boyamaq olar. Şirkətlər belə evlər üçün yataq, mətbəx və lazım olan digər mebellər də təklif edirlər.

Taxta evləri istənilən yerdə, hətta nəmişlik olan bölgələrdə quraşdırmaq mümkündür. Nəmişlik olan ərazilərdə bu evlər üçün heç bir təhlükə yoxdur. Taxta material insan səhhəti üçün olduqca əlverişli olan daha bir xüsusiyyətə malikdir. Belə ki, bu materialın mənzildə 45-55 faizlik davamlı nəmliyi saxlamaq xüsusiyyəti var.

Havada nəmlik artdıqca, taxta divarlar artıq nəmliyi udur, quru havada isə onu binanın atmosferinə buraxır. Bununla da mənzildə ideal təbii klimat-kontrol rejimi gerçəkləşdirilir. Daş evlərdə isə bu tip iqlim tənzimlənməsi yalnız və yalnız əlavə elektron cihazlar, təbii ki, enerji israfı hesabına mümkündür. Bundan əlavə, taxta divarlar "nəfəs almaq" xüsusiyyətinə də malikdir. Qapalı məkanlarda taxta 30 faizdən çox havanı dəyişə bilir. İsti taxta divarlarda kondensat yaranmır. Bu isə o deməkdir ki, taxta ev sahibləri daş və beton tikililərin sahiblərinin əziyyət çəkdiyi kif, göbələk kimi fəsadlarla qarşılaşmalı olmur. Tikililərin nəmişliyə davamlılığını artırmaq üçün onlar suya və ultrabənövşəyi şüalara davamlı antiseptik təyinatlı boyalar ilə rənglənir.

Taxta tikinti materialları arasında daha bir unikal xüsusiyyətləri ilə fərqlənir. Ağacın siqaret tüstüsü, formaldehidlər və. s kimi toksiki və zərərli maddələri "udmaq" qabiliyyəti var.

Taxta materialın insan psixikasına yetərincə müsbət təsirə malik olması da bu materialın əvəzsiz üstünlüklərindəndir. Burada taxtanın spesifik ətiri, səthin heç nə ilə müqayisəyə gəlməyən strukturu, taxtanın bəzəklərinin göz oxşaması onun yetərincə prinsipial xüsusiyyətlərdəndir.

Taxta ev mənzilin həm daxilinin, həm də çölünün dekorativ işlənməsində nəzərəçarpacaq dərəcədə qənaət imkanları verir.

Taxta evlərin daha bir üstünlüyü onlardakı hava şəraitinin asan tənzimlənməsidir. Belə evləri isitmək və soyutmaq çox asandır. Əslində daş evlərdə istifadə edilən istilik sistemlərinin bütün variantlarını taxta evlərdə də istifadə etmək olur, hətta sonuncuda istiliyə daha çox qənaət etmiş oluruq. Taxta ev istiliyi beton evdən 15 dəfə çox saxlayır. Çox soyuq yerlərdə istilik xərclərini azaltmaq üçün taxta evlərdə izolyasiya metariallarına çəkilən xərclər isə daş beton konstruksiyalı evlərə çəkilən xərclərdən 3-4 dəfə az olur.

Taxta evlərə qulluq da çətin deyil. Belə evlərin çöl fasadına 3 ildən bir boya çəkmək kifayətdir ki, bu da çox vəsait tələb etmir. 25-30 kv.metrlik taxta evə qulluq 150-200 manata başa gəlir.

Taxta ilə bağlı yeganə aktual risk yanğındır. Əslində bu təhlükə bütün tikililərdə var. Taxta tikililərdə onu azaltmaq üçün boyaya yanğını gecikdirən kimyəvi maddə qatılır ki, bu maddə yanğının sürətlə yayılmasının və təsadüfi nasazlıqlardan baş verən yanğınların qarşısını müəyyən müddətə kimi ala bilir.

Proyektinizə başlamağa hazırsınız?

Niyə bir fincan çay içmək üçün bizə qoşulmursunuz? Söhbət etmək və ya proyekt haqqında ideyalarınıza qulaq asmaq bizə xoşdur.

Əlaqə